CƏMİYYƏT
Azərbaycan Hərb Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasi ilə birgə Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tarixi Zəfərin qazanılmasında Heydər Əliyev ideyaları” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun alim heyəti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi məktəblərin və hərbi hissələrin zabit və kursant heyəti, Respublika Veteran Təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, bu dahi şəxsiyyət sovet siyasi sistemində ilk dəfə hakimiyyətə gəlişi ilə milli ideologiyanın, milli şüurun oyanması istiqamətində bütün maneələri dəf edərək xalqımızın müstəqil düşüncəsinə geniş yol açıb. Məhz Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə SSRİ məkanında qabaqcıl sənaye respublikasına çevrilib. Böyük xilaskarın hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq münasibətlərində ciddi dönüş yaranıb.
Vurğulanıb ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi Heydər Əliyevin fəaliyyətinin şanlı dövlətçiliyimiz tarixində müstəsna yeri var. Tarixi əhəmiyyəti baxımından onun fəaliyyəti Azərbaycanın hüdudlarını aşır. Dahi şəxsiyyət uzaqgörənliyi, parlaq zəkası, istedadı sayəsində Azərbaycanı, onun bugünkü gerçəkliyini yaradıb, dövlət müstəqilliyimizi əbədi və dönməz edib.
Dəyirmi masa Silahlı Qüvvələrin Həzi Aslanov adına İdeoloji İş və Mədəniyyət Mərkəzinin ansamblının solistlərinin ifasında vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə davam etdirilib.