SİYASƏT
Azərbaycan Hökuməti İrana maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib
Bakı, 7 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası COVID-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Dünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.