CƏMİYYƏT
Azərbaycan İctimai Birliyi ABŞ-da “Şuşa İli” çərçivəsində növbəti tədbir keçirib
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində növbəti tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Kaliforniya Dövlət Kapitol Binasının yaxınlığında təşkil olunan tədbir həm də yerli erməni icmasının bir gün əvvəl eyni məkanda Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda apardığı uğurlu əməliyyatlara kölgə salmaq məqsədilə keçirdiyi tədbirə cavab olub.
Tədbirdə Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunun rəhbəri – baş konsul vəzifəsini icra edən Ramiz Daşdəmirov və konsulluğun digər əməkdaşları, həmçinin ABŞ cəmiyyətində tanınan ictimai xadimlər, digər ölkələrin ABŞ-da olan icma nümayəndələri, bu ölkədəki Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri professor Fikrət Yusifov çıxışında Azərbaycanda Şuşanın salınmasının 270 illiyinə həsr edilmiş tədbirlər planı və hazırda ABŞ-da icra edilən layihə ilə bağlı iştirakçılara məlumat verib, erməni hərbi birləşmələrinin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda törətdikləri dağıntılardan, 44 günlük Qarabağ müharibəsi nəticəsində ərazilərimizin və mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsindən danışıb.
Tədbirdə Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu vəzifəsini icra edən Ramiz Daşdəmirov, ABŞ-ın Qolden Qeyt Universitetinin professoru Can Vilson, Amerika cəmiyyətində öz ictimai aktivliyi ilə seçilən Şeyn Del Kohen və başqaları çıxış ediblər.
Sonra Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda, o cümlədən mədəniyyət beşiyimiz Şuşada törədilən vəhşiliklərin miqyasını əks etdirən fotosərgi nümayiş olunub.