ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə başlayıb
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış, ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə ali məktəb fəaliyyətə başladığı gündən müxtəlif seminar, “dəyirmi masa” və tədbirlər keçirir.
Ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması institutun qarşıya qoyduğu prioritet istiqamətlərdəndir. Bu məqsədlə İnstitut Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə Ulu Öndərin 95 illiyinə həsr olunan layihəyə başlayıb. Layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” internet portalının bazasında keçiriləcək. Bununla bağlı “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, “Tolerantlığın Azərbaycan modeli” və digər mövzularda silsilə diskussiyaların aparılması nəzərdə tutulub. Diskussiyalarda ölkəmizin tanınmış ilahiyyatçı və filosoflarının, jurnalistlərin iştirakı nəzərdə tutulub. Layihə başa çatdıqdan sonra diskussiyaların stenoqramı əsasında kitabın nəşri planlaşdırılıb.