ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda seminar: “Dini etiqad azadlığı: hüquqi aspektlər”
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənovun təqdimatında “Dini etiqad azadlığı: hüquqi aspektlər” mövzusunda seminar keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor Aqil Şirinov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarların xüsusi rol oynadığını vurğulayıb. Mövzunun aktuallığına toxunan A.Şirinov qeyd edib ki, hazırkı mərhələdə dövlətimizin din siyasətinin əsas məqsədi ölkədə dini durumun münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.
“Dini etiqad azadlığı: hüquqi aspektlər” mövzusunda məruzə ilə çıxış edən Simran Həsənov nəzərə çatdırıb ki, qədim dövrlərdən tolerant dövlət və zəngin tarixə malik Azərbaycanda xristianlar, yəhudilər, müsəlmanlar sülh və bir-birlərinə hörmət şəraitində dinc yanaşı yaşayıblar. O, ölkəmizdə bütün dinlərə bərabər şərait yaradıldığını, onlara eyni cür diqqət göstərildiyini, qloballaşan dünyada etnik-dini münaqişələr, separatçılıq və dini ekstremizm, terrorizm kimi təhdidlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə olaraq qaldığını söyləyib. Bu baxımdan, dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin düzgün məcraya yönləndirilməsi vacibdir.
Tədbirdə mövzuya dair geniş fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Seminarda institutun rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.