ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda seminar: “Müasir insan və ekzistensial təbəddülatlar”
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Müasir insan və ekzistensial təbəddülatlar” mövzusunda elmi seminar keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarda institutun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bu ali təhsil müəssisəsində mütəxəssislərin iştirakı ilə elmi və ictimai mövzularda silsilə tədbirlərin həyata keçirilməyə başlandığını qeyd edib. Vurğulanıb ki, bugünkü seminar müasir dövrdə də aktuallığını qoruyub saxlayan bir məsələyə - insanın məna axtarışına və bu axtarışın nəticəsində yaranmış mənəvi təbəddülatlara həsr olunub.
Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzuya dair məruzə ilə çıxış edib. O, insan və onun daxili təbəddülatları mövzusunun Azərbaycanın, habelə bütövlükdə dünyanın müxtəlif elmi-fəlsəfi mühitlərindəki aktuallığı barədə danışıb. Sonra Qərb fəlsəfəsində ekzistensializm cərəyanının insana baxışı şərh edilib, ekzistensialist filosof Qabriel Marselin fəlsəfi görüşləri açıqlanıb. Müasir dünyada intiharların çoxalmasının əsas səbəbinin mənəvi-psixoloji amil olduğu bildirilib. M.Yaqub bunu aradan qaldırmaq üçün insanların bir-birilə daha çox təmasda olmalarının, həmçinin “individualizm”dən uzaqlaşmanın zəruriliyini qeyd edib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Fəlsəfə, sosiologiya, psixologiya və ilahiyyat üzrə mütəxəssislərin iştirakı ilə keçirilən belə elmi müzakirələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb.