ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiqlənib
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şuranın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, akademiklər Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.
Dekabrın 27-də Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Himayəçilər Şurasının sədri seçilib. Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiqi, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə, beynəlxalq əlaqələrinin qurulmasına və məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir.