ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun növbəti seminarı Qafqaz Alban kilsəsinin irsinə həsr olunub

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar” mövzusunda seminar keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda dövlət-din münasibətlərindən danışan bu ali təhsil ocağının rektoru Ceyhun Məmmədov bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri ilə uğurla davam etdirildiyini bildirib. Aİİ-nin maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyən rektor müvafiq mövzunun din tariximiz, eləcə də dövlətçiliyimiz baxımından vacibliyini vurğulayıb. Xristianlığın Azərbaycanda qədim tarixə malik olduğunu bildirən C.Məmmədov ölkəmizdə tarixən müxtəlif dinlərin, etiqadların, mədəniyyətlərin mövcudluğunu bildirib. Müasir Azərbaycanda dövlət-din münasibətlərinin bütün dünyada örnək kimi qəbul edilə biləcəyini söyləyən rektor diqqətə çatdırıb ki, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşaması bunun əyani göstəricisidir. Bildirilib ki, Alban kilsəsinin bərpası da dövlət-din siyasətinin həyata keçirilməsində atılan ən mühüm addımlardandır.

Sonra Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin “Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin təşəkkül tarixi, kilsənin son mərhələsi, onun ləğv və ya məhv edilməsi məsələlərinə toxunaraq bəzi mübahisəli mövzulara aydınlıq gətirib. Qeyd olunub ki, minillik Albaniya dövləti Azərbaycan tarixində dərin iz buraxıb, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında davam etdirilib. 2018-ci il martın 11-də Alban kilsəsinin ləğv edilməsinin 182 ilinin tamam olduğunu deyən R.Mobili bildirib ki, erməni və ermənipərəst tarixçilər mövzunu erməni-qriqoryan kilsəsinin konsepsiyasına uyğunlaşdırıb və tarixi reallığı təhrif edib. Tarixi məlumatlar Alban kilsəsinin təkcə Qafqazda deyil, bütün Şərq xristian dünyasında ən qədim kilsələrdən biri olmaqla, apostol mənşəli olduğunu göstərir. Bütün bunların bədniyyətli qonşularımızın iki əsr ərzində bizə qarşı yürütdükləri tarixi saxtalaşdırma siyasətinin tərkib hissəsi olduğunu söyləyən məruzəçi qeyd edib ki, erməni kilsəsi, nəinki Alban kilsəsinin məbədlərini, dəftərxanasını, həmçinin əsrlərlə orada saxlanılan bütün əlyazmaları, qədim Alban abidələrini, Qüds şəhərində yerləşən məbədi və kilsəyə məxsus iqamətgahı mənimsəyib.

R.Mobili qeyd edib ki, bu gün Azərbaycanda Alban kilsəsinin bərpası ona Qüdsdəki kilsənin geri qaytarılmasını tələb etməyə, bu irsin tamhüquqlu varisi iddiasını ortaya qoymağa imkan verir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.