CƏMİYYƏT
Azərbaycan-Koreya diplomatik əlaqələrinin ildönümü münasibəti ilə Seulda yubiley ağacı əkilib VİDEO
Pekin, 13 may, AZƏRTAC
Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seul şəhərinin Yonqsan rayonundakı Şinqye Tarix Parkında yubiley ağacı əkilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü, Yonqsan meriyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə yerli ictimaiyyət və media nümayəndələri, Koreyadakı Azərbaycan icmasının üzvləri də iştirak edib.
Səfir Rəmzi Teymurov və Yonqsan meri Sonq Canq-hyon Azərbaycan-Koreya diplomatik münasibətlərinin 30-cu ildönümü kimi önəmli bir tarixdə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, əlaqələrimizin dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində böyük inkişaf yolu keçdiyini vurğulayıblar. Qeyd olunub ki, yerli özünü idarəetmə orqanları arasında səmərəli əməkdaşlıq davam edir, bu xüsusda, 2017-ci ildə Bakı şəhərinin Qaradağ rayonu ilə Yonqsan rayonu arasında dostluq mübadiləsinə dair niyyət məktubunun imzalandığı vurğulanıb.
Sonra iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu yubileyinə həsr olunan ağac əkilib və müvafiq məlumatlandırma lövhəsi quraşdırılıb.
Səfir R.Teymurov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” olduğunu diqqətinə çatdıraraq, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa barədə məlumat verib. O, Şuşa şəhərində yerləşən məşhur İsa bulağından xüsusi olaraq gətirilmiş suyu təqdim edib, həmin su ilə yubiley ağacı sulanıb.
Qeyd edək ki, Yonqsan Seul şəhərinin ən beynəlmiləl rayonlarından biridir. Onun ərazisində çoxsaylı xarici diplomatik missiyalar, o cümlədən Azərbaycan səfirliyinin binası yerləşir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin