Azərbaycan-Macarıstan Birgə Bəyannaməsi hər iki ölkənin dost və strateji tərəfdaş olduğunu göstərir
AzerTAg.az

Bakı, 1 fevral , AZƏRTAC
Azərbaycan dünya diplomatiyasında rolunu və mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu siyasi vəziyyət birdən-birə formalaşmayıb. Bugünkü nüfuzlu, güclü Azərbaycan modelinin arxasında gərgin əmək, incəliklə düşünülmüş diplomatik manevrlər dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycan və onun siyasi rəhbəri dünyada sözünə etimad edilən etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə Azərbaycanın Avropa ölkələri ilə bir çox sahələri əhatə edən əlaqələri son illərdə intensivləşən qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu baxımdan, Macarıstan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər ciddi sınaqlardan çıxıb. Uzunmüddətli münasibətlər, həmçinin Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın xüsusilə Türk dünyası çərçivəsində sıx əlaqələri iki ölkə arasında imzalanması nəzərdə tutulan sənədlərin qısa müddətə razılaşdırılmasının əsas səbəblərindəndir. Prezident İlham Əliyev çıxışında bunu belə ifadə etdi: “Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk”. Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri hər iki ölkə üçün əhəmiyyətlidir. Belə ki, bu səfər əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.
Onun sözlərinə görə, Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq kontekstində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir. Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Həmçinin hər iki ölkənin iqtisadi potensialı, imzalanan sənədlər bu sahədə əməkdaşlıqda geniş imkanlar açır. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə bu ölkəyə 18,1 milyon ABŞ dolları sərmayə yatırıb. Macarıstan enerji sahəsində ölkəmizlə əməkdaşlığa üstünlük verir, Cənub Qaz Dəhlizinə qoşulmaq istədiyini bildirir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədə olduğunu vurğulayan Əhliman Əmiraslanov deyib: “Tarixi köklərinə bağlı olan Macarıstan 2018-ci ildən Təşkilatda müşahidəçi kimi təmsil olunur və üzv ölkələrlə münasibətlərə böyük önəm verir. Xüsusilə, strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar”.
Ə.Əmiraslanov vurğulayıb ki, Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında dediyi fikirlər həm də iki dövlətin başçıları arasındakı dostluq münasibətlərinin dövlətlərarası əlaqələrə təsir göstərdiyinə dair nümunədir.
Xəbərin mətnində orfoqrafik səhv var