ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur

Bakı, 14 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müvafiq sərəncamına əsasən, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur. Mükafat elmi populyarlaşdırmaq, elmi bilikləri və nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, Azərbaycan elmində baş verən yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, habelə akademiyanın fəaliyyətini geniş işıqlandırmaq, gənclərdə elmi fəaliyyətə maraq oyatmaq məqsədilə AMEA-nın prezidenti tərəfindən 2017-ci il iyulun 10-da imzalanmış sərəncama əsasən təsis edilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, mükafat elmi biliklərin populyarlaşdırılması, elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin elmə verdiyi töhfələrin, habelə elmin qarşısında duran problemlərin işıqlandırılması istiqamətində səmərəli fəaliyyətə, ən yaxşı elmi-populyar əsərlərə və həyata keçirilmiş layihələrə görə verilir.

Mükafata iddiaçılar AMEA-nın həqiqi və müxbir üzvləri, habelə akademiyanın elmi müəssisə və təşkilatlarının elmi şuraları tərəfindən irəli sürülür. İddiaçılar yalnız AMEA-nın əməkdaşları və ya yaradıcı kollektivləri ola bilər. Namizədlərin irəli sürülməsi ilə bağlı müvafiq təqdimat (təqdimatda müsabiqəyə təqdim olunan elmi-populyar əsər və onun müəllifi haqqında ətraflı məlumat), müəllifin şəxsiyyət vəsiqəsinin surəti, müsabiqəyə təqdim olunan əsərlərin hərəsindən 1 nüsxə fevralın 15-dək AMEA-nın Elm və təhsil baş idarəsinə təqdim edilməlidir:

AMEA Rəyasət Heyətinin mükafatına layiq görülən şəxslərə müvafiq diplom və 3000 manat məbləğində pul mükafatı verilir. Mükafata kollektiv layiq görüldükdə, diplom müəlliflərin hər birinə verilir, pul mükafatı isə müəlliflər arasında bərabər bölünür.

Müsabiqənin nəticələri martın 27-də elan olunacaq.

Tel.: (+994 12) 492 59 45;

E-mail: [email protected]

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30 (502-ci otaq).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.