ELM VƏ TƏHSİL
Azərbaycan Minskdə keçirilən beynəlxalq konfransda təmsil olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Belarusun paytaxtı Minskdə Belarus Milli Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Mərkəzi Elmi Kitabxanası və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” (“RINTI-2019”) XVIII beynəlxalq konfransı keçirilib.
Beynəlxalq konfransda ölkəmizi AMEA–nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və baş mütəxəssis Əfruz Qurbanova təmsil ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “RINTI-2019”da “Rəqəmsal çevrilmənin elmi, metodiki, informasiya, texnoloji və hüquqi təminatı”, “Elmi və texniki məlumatların avtomatlaşdırılmış sistemləri”, “İnnovativ fəaliyyətin informasiya təminatı”, “Kitabxana və informasiya sistemləri texnologiyaları”, “İqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşmasının sosial aspektləri”, “İnformasiyalaşdırmada psixoloji aspektlər” və s. mövzularda məruzələr dinlənilib.
Konfransda institutun əməkdaşları “Milli terminoloji məlumat mühitində qərar dəstəyi sistemi”, “İnternet sosiologiyasının mövcud vəziyyəti və problemləri”, “Veb-saytların qiymətləndirilməsi” mövzularında məruzələr təqdim ediblər.