CƏMİYYƏT
“Azərbaycan Ordusu: Xalqımızın qürur mənbəyi” mövzusunda videokonfrans keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Ordusu: Xalqımızın qürur mənbəyi” adlı videokonfrans təşkil edib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Birliyin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov Silahlı Qüvvələr Günü münasibətilə videokonfrans iştirakçılarını təbrik edib. Bildirilib ki, Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün, toxunulmazlığının və mənafeyinin müdafiəsinə xidmət edən Silahlı Qüvvələrin yaradılmasıdır. Xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qoruyub saxlamaqla müstəqil dövlətimizdə məqsədyönlü və səmərəli ordu quruculuğunun aparılması, müasir tələblərə cavab verən silahlı qüvvələrin və yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik şəxsi heyətin formalaşdırılması ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə həyata keçirdiyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi mükəmməl strategiyaya əsaslanır. Bu gün qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanı olan Ordumuz dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində çətin sınaqlardan keçərək mətinləşib.
Silahlı Qüvvələrimizin tarixindən danışan R.Məmmədov 1918-ci il iyunun 26-da yaradılmış Milli Ordumuzun Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdiyini bildirib. O, 1920-ci ilin aprelində Azərbaycanın sovet işğalından sonra Milli Ordunun ləğv edilməsi, yalnız dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ali Sovetində Milli Ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə məlumat verib.
Konfransda Milli Qəhrəman Mübariz Əhmədovun bacısı Nüşabə Əlizadə və şəhid Qadir Məmmədovun oğlu, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri Rusif Məmmədov ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların problemlərinin həlli üçün mütəmadi olaraq tədbirlər görüldüyünü diqqətə çatdırıblar.
Milli Qəhrəman Yuri Kovalyevin ailə üzvləri Regina və Vitali Kovalyevlər qeyd ediblər ki, tarixboyu Azərbaycanda dövlətçiliyimiz və torpaqlarımız uğrunda döyüşən qəhrəman oğullar yetişib, igid Vətən övladları şəhidlik, qəhrəmanlıq zirvəsinə ucalıblar. Çıxış edənlər Milli Qəhrəman Yuri Kovalyevin keçdiyi şərəfli həyat və döyüş yolundan söz açıb, onun göstərdiyi şücaətlərin hər bir azərbaycanlı üçün nümunə olduğunu vurğulayıblar. Qarabağ qazisi Aqil Əhmədov döyüş xatirələrini gənclərlə bölüşüb, ordumuzun düşmən üzərində qəti qələbə qazanacağına əminliyini bildirib.