SİYASƏT
Azərbaycan Parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər
Kişineu, 31 oktyabr, AZƏRTAC
Moldovada prezident seçkilərini izləmək məqsədilə Azərbaycan Milli Məclisinin deputatları bu ölkəyə səfər ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 30-da ölkəmizin Moldovadakı səfiri Qüdsü Osmanovun müşayiəti ilə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin Sədr müavini Adil Əliyev, deputatlar Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov Moldovanın Qaqauziya muxtar ərazisində seçki məntəqələrinə baş çəkib və səfər çərçivəsində Qaqauziya rəhbəri İrina Vlax və Qaqauziya Xalq Məclisinin Sədri Vladimir Kıssa ilə görüşüblər.
İrina Vlax görüşdə bildirib ki, Qaqauziyada seçki məntəqələri səsverməyə tam hazırdır, məntəqələrdə seçki qanunvericiliyinin tələblərinə uyğun müvafiq şərait yaradılıb. “Biz çox şadıq ki, beynəlxalq müşahidəçilər Qaqauziyada yaradılan seçki mühiti ilə tanış olurlar”, - deyə İrina Vlax əlavə edib.
O, həmçinin bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bu siyasət davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa şəhərində mədəniyyət və təhsil mərkəzi inşa olunur. Qaqauziya rəhbəri göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.
Sonra MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitriy Kobiçkiyin iştirakı ilə deputatlar Komrat şəhərində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Milli Məclisin Sədr müavini Adil Əliyev Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yerindən söz açıb.
D.Kobiçkiy isə ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışıb.
Bundan əlavə, deputatlar Qaqauziyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, gəclərimiz bu çətin günlərdə Azərbaycan xalqına və ordumuza dəstək olmaq məqsədilə Ali Baş Komandanın çağırışı ilə orduda xidmət göstərməyə hazır olduqlarını bildirib, bununla bağlı səfirliyimizə çoxsaylı məktublar göndərdiklərini deyiblər.
Deputat A.Əliyev vətənpərvər gənclərimizə təşəbbüslərinə görə təşəkkür edərək, yaxşı təhsil almağı tövsiyə edib, onların əsas vəzifəsinin Azərbaycan həqiqətlərinin Moldova ictimaiyyətinə çatdırılması olduğunu bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu