Azərbaycan-Polşa ədəbi əlaqələri yeni mərhələdə
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli qeyd edib ki, Bakı Slavyan Universiteti (BSU) ilə birgə təşkil olunan tədbir Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına həsr olunub. Azərbaycan-Polşa ədəbi əlaqələrinin çox zəngin tarixi keçmişi var və xüsusilə XX əsrin əvvəllərində bu əlaqələr daha da güclənib: “Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yaranan münasibətlər əlaqələrimizin yeni səhifəsini təşkil edir. Ədəbiyyat İnstitutu da ədəbi əlaqələrin inkişafına önəmli töhfələr verib”.
Bakı Slavyan Universitetinin prorektoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov isə çıxışında Ədəbiyyat İnstitutu ilə BSU arasında yaradılmış bu cür əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib.
Tədbirdə institutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova “Henrik Senkeviç”, Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Olqa Tokarçuk”, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Elnarə Abdulrəhmanova “Vislava Şımborska” və polyak diasporunun nümayəndəsi Aleksandr Kostin “Polşa ədəbiyyatının polyak icması və tələbələr arasında təbliği haqqında” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda BSU-nun Tərcümə fakültəsinin tələbələri polyak ədəbiyyatı seçmə nümunələr səsləndiriblər.
Xəbərin mətnində orfoqrafik səhv var