RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın xarici işlər naziri Emma Boninonu qəbul etmişdir VİDEO
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də İtaliya Respublikasının xarici işlər naziri Emma Boninonu qəbul etmişdir.
Görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimi yüksək qiymətləndirildi. Layihənin həyata keçirilməsində Azərbaycanın siyasi və iqtisadi baxımdan böyük işlər gördüyü vurğulandı. Avropanın enerji xəritəsində əhəmiyyətli rol oynayacaq bu layihənin enerji resurslarının şaxələndirilməsi işinə də töhfə verəcəyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.