SİYASƏT
Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsü bütün dünya üçün önəmli olan birliyə çağırışdır

İstanbul, 4 fevral, АZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi dünyada tərəqqi və inkişaf naminə yeni “yol xəritəsi” çağırışlarına tarixi şans yaradıb. Bu təşəbbüs bütün dünya üçün önəmli olan birliyə çağırışdır.
Bu fikri İstanbul Universitetinin doktoru, saxta “Böyük Ermənistan” ideologiyası üzrə tanınmış tədqiqatçı Mehmet Perinçek AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı Azərbaycanın və Türkiyənin bütün əsaslı təşəbbüslər ətrafında birgə fəaliyyətini tələb edir. İslam həmrəyliyi hazırda bütün dünya üçün böyük əhəmiyyət daşıyır. İslama qarşı məqsədli şəkildə formalaşdırılan yanlış rəyi kökündən dəyişmək üçün ilk növbədə müsəlman aləminin həmrəyliyinə nail olaraq mövcud çətinlikləri dəf etmək lazımdır. Azərbaycan və Türkiyə bu istiqamətdə böyük imkanlara malikdir. Hər iki ölkənin zəngin İslam mədəniyyəti və ənənələri birgə fəaliyyət üçün əsas yaradır.
“Əlbəttə, bu təşəbbüs ilk növbədə haqq və ədalət üçün tarixi əhəmiyyət daşıyır. “İslam Həmrəyliyi İli”ndə keçirilən bütün tədbirlər istər-istəməz dünya ictimaiyyətinin diqqətini özünə çəkəcək, edilən bütün çağırışlara qarşılıq veriləcək. Azərbaycan hərbi təcavüzdən əziyyət çəkən bir ölkədir. Bir milyondan çox azərbaycanlı təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvasından didərgin düşüb. Nə üçün İslamda terror elementləri axtaran qüvvələr Ermənistanın işğalçılıq siyasətinə göz yumurlar?! Bir sözlə, heç şübhəsiz ki, “İslam Həmrəyliyi İli” çərçivəsində dövlətlərin ərazi bütövlüyünün qorunması, sərhədlərin güc vasitəsilə dəyişdirilməsinin yolverilməzliyi, qaçqın və məcburi köçkünlər problemi, terrora son qoymaq kimi vacib məqamlara dair çağırışlar bütün bəşəriyyəti düşünməyə vadar edəcək”, - deyə Mehmet Perinçek qeyd edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul