CƏMİYYƏT
“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2016-ci il üzrə birinci nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi cari ilin yanvar-mart aylarını əhatə edir. Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir” sözləri ilə başlanır.
Jurnalın “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təhlillər, təkliflər”, “Veteranlar yada salır”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Normativ hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.
Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası oxucuların diqqətinə çatdırılıb. Eləcə də dövlətimizin başçısının şəhidlərin əziz xatirəsini yad etməsi, Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimində iştirak etməsi barədə yazılar bu bölmədə əksini tapıb.
Bölmədə, həmçinin Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak etməsi barədə yazı, dövlətimizin başçısının 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına, Novruz bayramı münasibətilə xalqımıza təbrikləri, Z.B.Qaralovun “Şöhrət” ordeni ilə təltif edilməsi və Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncamları dərc edilib.
Jurnalın “Rəsmi tədbirlər” bölməsində “Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilmişdir”, “Baş Prokurorluqda 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir”, “Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2015-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir”, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzindədir” sərlövhəli yazılar yer alıb.
“Təhlillər, təkliflər” bölməsində əməkdar hüquqşünas Müzəffər Ağazadənin “Cinayət-Prosessual Məcəllədə yeni prosessual şəxs: ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi” sərlövhəli məqaləsi verilib.
“Veteranlar yada salır” bölməsində isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prokurorluğun fəxri işçisi, baş ədliyyə müşaviri Cahangir Nəsirovun “Azərbaycan qadınları Böyük Vətən müharibəsi və quruculuq illərində” sərlövhəli məqaləsi yerləşdirilib.
Ümumilikdə jurnalda Baş Prokurorluqda keçirilən tədbirlər, görüşlər, eləcə də bu qurumun uğurlu beynəlxalq əlaqələri barədə geniş yazılar və digər mövzularda məqalələr toplanıb.