SİYASƏT
Azərbaycan-Rumıniya əməkdaşlığının daha da genişləndirilməsi məsələləri müzakirə edilib
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə edilərək, siyasi, iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi, investisiya qoyuluşu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrinin əhəmiyyəti qeyd olunaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol vurğulanıb.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Rumıniyanın prinsipial və dəyişməz mövqeyinin, bu xüsusda rəsmi Buxarestin beynəlxalq təşkilatlar çərçivəsində davamlı dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Söhbət zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun olaraq, iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, gələn il Azərbaycan və Rumıniya hökumətləri arasında ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının və işgüzar dairələrin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest