İQTİSADİYYAT


Azərbaycan “Russia Halal Expo 2023” sərgisində təmsil olunub

Bakı, 19 may, AZƏRTAC

“Russia Halal Expo” beynəlxalq sərgisində iştirak edən Azərbaycanın stendində yerli məhsullarımız təqdim olunub, ölkəmizin biznes və investisiya imkanları, Qarabağın potensialı barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Russia Halal Expo” Sərgisi keçirilir.

Sərgidə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş olunub.

Mayın 19-da Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti ölkə stendi ilə tanış olub.

Stenddə sahibkarlar tərəfindən müxtəlif ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul və xidmətlər təqdim edilir.

Bununla yanaşı, stenddə KOBİA, AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın investisiya imkanları, sahibkarlara göstərilən dəstək və xidmətlər, iqtisadi zonalarda yaradılmış əlverişli şərait, turizm potensialı, 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən təşəbbüslər barədə məlumat verilir, ziyarətçilərə müxtəlif çap materialları təqdim olunur.

Eyni zamanda, stendimizdə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə də məlumat verilib, videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, “Russia Halal Expo” Sərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.