İQTİSADİYYAT
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə keçirilən şahmat turniri başa çatıb
Bakı, 9 may, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, cəmiyyətin mərkəzi aparatı və törəmə müəssisələrin (“Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki” MMC) əməkdaşları arasında təşkil olunan yarış yeddi tur üzrə keçirilib. Artıq 5 tur üzrə oyunların başa çatdığı turnirin son iki turu - final mərhələsi “ASK Arena” idman kompleksində təşkil olunub. İştirakçılar 1,2,3 və 4-cü yerlər uğrunda mübarizə aparıblar.
Turnir iştirakçılarını və tədbirin qonaqlarını salamlayan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev ümumxalq sevgisini öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanmış və fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiqləyib. Ulu Öndərin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışan baş direktor qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycan həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmışdır. Diqqətə çatdırılıb ki, çağdaş dövrümüzdə Ümummilli Liderimizin layiqli siyasi varisi olan cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman və bədən tərbiyəsinin inkişafı sahəsində də kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayıb, hər zaman respublikamızın idman imicinin yüksəlməsinə çalışıb.
Ulu Öndərin əbədi xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq təşkil olunan şahmat turnirinin sonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə qaliblərə sertifikatlar təqdim edib. Baş direktor onları qələbə münasibətilə təbrik edərək, uğurlar diləyib.
Sonra Kamran Nəbizadə ilə birinci yerin qalibi arasında yoldaşlıq görüşü keçirilib.
Birinci yeri “Azərpambıq ASK” MMC-nin əməkdaşı Ceyhun Məhərov, ikinci yeri “Azərpambıq ASK” MMC-nin əməkdaşı Bəhruz Novruzov, üçüncü yeri “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı Şıxəli Abasov, dördüncü pilləni isə “Azəralüminium” MMC-nin əməkdaşı Arif Zeynalov tutublar.
Tədbirin sonunda Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub, xatirə fotoları çəkilib.