CƏMİYYƏT
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş müsabiqəyə yekun vurulub VİDEO
Bakı, 12 avqust (AZƏRTAC, Məhərrəm Əlioğlu). Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzi aparatında Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci ildönümü münasibətilə elan edilmiş yaradıcılıq müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov DSX-nin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinin, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsinin prioritet sahələrdən olduğunu deyib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur.
A.Ələkbərov bildirib ki, bu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və sərhədyanı yaşayış məntəqələrinin orta məktəb şagirdləri arasında inşa yazısı üzrə müsabiqə elan edilib. Təhsil Nazirliyi, Mətbuat Şurası, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar və Rəssamlar ittifaqları ilə birgə təşkil olunmuş müsabiqədə ölkəmizin peşəkar və həvəskar rəssamları, şairləri, yazıçıları, jurnalistləri, sərhədçi əsgərlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Şairi Fikrət Qoca, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə və digərləri qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin inkişafı, dövlət sərhədlərinin qorunması zamanı nümayiş etdirilən fədakarlığın tərənnüm edilməsi üçün bu cür müsabiqələrin xüsusi əhəmiyyəti, sərhədçi peşəsinə olan rəğbət və marağın artmasına xidmət etməsi, gənclərdə Vətənin sərhədlərinə böyük məhəbbət hissini aşılamaları qeyd olunub.
Qaliblərə mükafatlar və diplomlar təqdim olunub. Mükafat alanlar arasında AZƏRTAC-ın müxbiri də vardır.
Tədbirdə münsiflər heyəti tərəfindən seçilmiş təsviri sənət nümunələri nümayiş etdirilib.