ELM VƏ TƏHSİL
“Azərbaycan Sərvətləri və Ənənələri” festivalı keçirilib
Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Avropa Liseyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ənənəvi “Azərbaycan Sərvətləri və Ənənələri” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, artıq səkkiz dəfə təşkil olunan festival Azərbaycanın etnomədəni kimliyini əks etdirən məlumat və ideoloji konsepsiyaya malikdir. Festival Bakı Avropa Liseyinin “Birləşmiş Liseyistlər Təşkilatı” tərəfindən keçirilir. Əvvəlki illərdə keçirilən festivallarda Azərbaycanın bölgələri, azərbaycanlıların yaşadıqları ölkələr, tariximiz, dahi şəxsiyyətlər kimi mövzulara toxunulub.
Lisey şagirdləri builki festivalı Azərbaycanın ekologiyasına həsr edib.
Liseyin direktoru Zülfiyyə Veysova bildirib ki, “Birləşmiş Liseyistlər Təşkilatı”nın üzvləri, V-VIII sinif şagirdləri Azərbaycanın hər bir bölgəsinin ekologiyası haqda tədqiqatlar apararaq mühüm faktları toplayıb, festivalda təqdim ediblər: “Şagirdlərin hər biri bölgələr üzrə tədqiqatlar aparıb və bu iş üzrə təqdimatlar, maketlər hazırlanıb. Uşaqlar təxminən 3 aya yaxın bu iş üzrə çalışıblar.
Aktual mövzuları diqqətdə saxlayırıq. Festival Azərbaycanın sərvətlərinə və ənənələrinə həsr olunur. Məqsədimiz şagirdlərin dövlətini, xalqını, vətənini, sərvətlərini daha da dərindən öyrənməsidir. Çalışırıq ki, uşaqlar Azərbaycan haqqında hərtərəfli maariflənsinlər, vətənlərini sevərək dərindən öyrənsinlər”.