SİYASƏT
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Fəttah Heydərov ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb, əməkdaşlığımızın zəngin və şərəfli tarixə malik olduğunu qeyd edib. O, parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. İki ölkə arasında iqtisadi, mədəni sahələrdə də uğurlu addımlar atılıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fəttah Heydərov bu münaqişənin həlli məsələsində Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. İşçi qrupun rəhbəri vurğulayıb ki, Səudiyyə Ərəbistanının işğalçılıq siyasəti yürüdən Ermənistanla heç bir diplomatik əlaqə qurmaması Azərbaycanda yüksək dəyərləndirilir.
Dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri bu səfərin ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Qonaq iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yollar axtarmağın önəmini qeyd edib.