ORDU
Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gənclərlə Neftçalada görüş keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Neftçala rayonunda Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, Xidmətin Neftçala rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, ehtiyata buraxılmış gənclərin valideynləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ordu sıralarından ehtiyata buraxılan gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onların bundan sonra müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.
SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, mayor Tofiq Mehdiyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə islahatların müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verib.
Gənclər adından çıxış edən Nicat Əsədov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini, daim ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə hazır olacaqlarını diqqətə çatdırıb.
Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.