ORDU
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi israilli həmkarı ilə görüşüb
Bakı, 24 oktyabr, AZƏRTAC
İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Təl-Əviv şəhərində israilli həmkarı, general-leytenant Qadi Ayzenkot ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-leytenant Q.Ayzenkot vurğulayıb ki, İsrail Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
General-polkovnik N.Sadıkov Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.