SİYASƏT
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirlərinə dair Sərəncam günün tələbidir
Bu fikri AZƏRTAC-a Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu dövlətimizin başçısının imzaladığı Sərəncamı şərh edərkən deyib.
Bildirilib ki, avqust ayında müşahidə olunan xoşagəlməz hal, Azərbaycanın milli informasiya təhlükəsizliyinə zərbə vuran bu vəziyyət həm dövləti, həm də medianın təcrübəli rəhbərlərini ciddi düşünməyə vadar edib. Təəssüf ki, Azərbaycan mediasının bir qismi bu gözlənilməz sınaqdan çıxa bilmədi. Bir çox hallarda milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə informasiyalar mediada yer aldı. Halbuki belə informasiyaların yayılması birbaşa düşmən tərəfin dəyirmanına su tökməyə bərabər addım idi. Bəzi media təmsilçilərimiz bu mövzuda xəbər yaymağın həssas məsələ olduğunu, “Dövlət sirri haqqında” Qanuna uyğun olaraq, dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyət daşıdıqlarını sanki unutmuşdular. Nəticə isə məlum olduğu kimi acınacaqlı oldu.
U.Rəhimoğlu vurğulayıb ki, Mətbuat Şurası Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamdan irəli gələrək üzərinə düşən məsuliyyəti anlayır. Qurum ən qısa müddətdə hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların KİV-lərdə və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədilə silsilə tədbirlər keçirəcək. Şura xüsusilə KİV-lərlə əhali arasında təbliğat-izahat işini daha səmərəli şəkildə təşkil etməyə çalışacaq.