İQTİSADİYYAT
Azərbaycan “Tbilisi İpək Yolu Beynəlxalq Forum”unda təmsil olunacaq
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Gürcüstan paytaxtında “Tbilisi İpək Yolu Beynəlxalq Forum”u keçiriləcək. İkigünlük forumda mindən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı gözlənilir.
Forumda Böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tədbirdə, həmçinin həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olacaq. Çıxışlardan sonra forum panel iclaslarda işini davam etdirəcək.
Panellərdə “Ümumi gələcək yolu: sabitlik və davamlı inkişaf modeli” adlı sessiya çərçivəsində keçiriləcək panellərdə “Yeni regional iqtisadiyyatın arxitekturası”, “İpək Yolu üzərində əməkdaşlıq və yol xəritəsi”, “Böyük İpək Yolu - dayanıqlı əlaqələrin təminatçısı”, “Kiçik dövlətlərin qlobal inkişaf zəncirinə qoşulmasında problem və imkanları” və sair məsələlər müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətinin üzvləri panel iclaslarda çıxış edəcək, ölkəmizin iqtisadi potensialı, inkişaf perspektivləri, tarixi İpək Yoluna verdiyi önəm barədə məlumat verəcəklər. Nümayəndə heyətinin tədbir çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi