ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti “Erasmus+k2” layihəsinin qalibi olub
Bakı, 16 avqust, AZƏRTAC
Avropa İttifaqının “Erasmus+k2” ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzinə təqdim edilən beynəlxalq qrant layihələrinin nəticələri açıqlanıb və 840 layihədən 163-ü qalib olub. Onlardan biri də Azərbaycan Texniki Universitetinin (AzTU) yer aldığı “İnnovativ və davamlılıq prinsipləri ilə klasterlərin inkişafında təşəbbüs və iştiraketmənin universitetlərin potensialının artırılmasında rolu” – “UniClaD” adlı qrant layihəsidir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə yerinə yetiriləcək layihədə Azərbaycan və Moldova ilə yanaşı, Avropa İttifaqından İtaliya, Macarıstan, İspaniya, Litva, Polşa və Avstriya universitetləri iştirak edəcək. Layihə noyabr ayından fəaliyyətə başlayacaq və 3 il davam edəcək.
Ümumi büdcəsi 985 min 255 avro olan layihənin məqsədi tərəfdaş ölkə universitetlərində ali təhsilin idarə edilməsi, planlaşdırma, maliyyə imkanları, idarəçilik, klasterlərin yaradılması və s. inkişaf etdirməkdir.