ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti magistrantların qeydiyyatı ilə bağlı ilkə imza atıb
Bakı, 2 iyul, AZƏRTAC
Pandemiya və sərtləşdirilmiş karantin günlərində Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsilin magistratura səviyyəsinə qəbul olan tələbələrin sənədlərinin qeydiyyatı ilə bağlı ilkə imza atıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, proses onlayn həyata keçiriləcək. Bakalavrlar AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçmiş tələbə üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin olunacaq.
Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti, universiteti bitirməyə dair arayış və ya diplomun skan edilmiş surəti, ödəniş qəbzi (ödənişli əsaslarla təhsil üçün), hərbi biletin skan edilmiş surəti və ya hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin surəti, Dövlət İmtahan Mərkəzindən iş nömrəsi olan sənəd, 3x4 sm ölçüdə rəngli fotoşəkil (PDF, JPG) tələb olunur.
Müraciət edənlə təhsil müəssisəsi arasında müqavilənin imzalanması qarşılıqlı sənəd mübadiləsi əsasında (elektron formada) həyata keçiriləcək. Bakalavr universitet tərəfindən onun şəxsi kabinetinə göndərilən müqaviləni imzalayıb yenidən şəxsi kabinetinə yükləyəcək.
Sistemin iyulun 5-dən AzTU-nun rəsmi saytında fəaliyyətə başlaması planlaşdırılır.