REGİONLAR
Azərbaycan Texnologiya Universiteti BMT-nin dəstəklədiyi layihənin yeni mərhələsinə hazırlaşır
Gəncə, 19 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə elmi-tədqiqat işlərinin yeni mərhələsinə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla bağlı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun layihə koordinatoru Marina Frontasyeva Azərbaycan Texnologiya Universitetində olub və rektor Akif Süleymanovla görüləcək işləri müzakirə edib.
Tərəflər arasında əlaqələrin 2015-ci ildən başlandığı, bu müddət ərzində əhəmiyyətli nəticələr əldə edildiyini deyən Marina Frontasyeva bildirib ki, 3 il ərzində Göygöl və Daşkəsən rayonlarından nümunələr toplanaraq Dubna şəhərinə - Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndərilib. Orada analizlər aparılıb, sənayenin ətraf mühitə təsiri, atmosferdə ağır metalların miqdarı müəyyən edilib.
Qeyd olunub ki, Göygöldə nəticələr yolverilən normalara yaxın olub, Daşkəsəndə isə havada ağır metallar müəyyən edilib. Bu isə həmin rayonda sənaye müəssisələrinin mövcud olması ilə bağlıdır.
Akif Süleymanov hazırda Gəncədə sənaye müəssisələrinin müasir ekoloji tələblərə cavab verdiyini, lakin buna bir daha əmin olmaq üçün atmosfer havasının vəziyyətinin müəyyən edilməsinin vacib olduğunu bildirib. Danışıqlar zamanı BMT-nin dəstəyi ilə həyata keçirilən layihənin Gəncə və Mingəçevirdə də reallaşdırılmasına dair razılıq əldə edilib.
Qeyd edilib ki, bunun üçün universitetin tələbə, magistr, elmi işçi, professor-müəllim heyətindən ibarət geniş işçi qrup yaradılacaq. Şəhərdə, xüsusilə də istehsal müəssisələri ətrafında mövcud ekoloji vəziyyət qiymətləndiriləcək. Götürülən nümunələr Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndəriləcək. Atmosfer havasında ağır metallar bioindikatorlar vasitəsilə təyin ediləcək.
Sonda Azərbaycan Texnologiya Universiteti Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birlikdə atmosfer havasının vəziyyətinə dair xəritə hazırlayacaq.