CƏMİYYƏT


Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisində aşkarlanan əl qumbarası zərərsizləşdirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də saat 10:49-da Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” xidmətindən və saat 11:01-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonunun Şah İsmayıl Xətai prospektində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən “DM-41” əl qumbarası aşkarlanıb. Daşınması təhlükəli olduğuna görə həmin sursat təhlükəsizlik tədbirləri görüldükdən sonra yerində zərərsizləşdirilib.

Qumbaranın tapıldığı yerin ətrafında 6 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1-dən noyabrın 22-dək ANAMA tərəfindən ümumilikdə 5447 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə iki, tank əleyhinə on mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 403 min 303 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.