CƏMİYYƏT
Azərbaycan Tibb Universiteti antiplagiat internet sisteminə qoşulur
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) tədris sistemi ilə yanaşı, elmi-tədqiqat işlərinin aparılması və təqdim olunması prosesinə də daim innovativ yanaşma ortaya qoyulur. Belə addımlardan biri də plagiat hallarının qarşısının alınması üçün görülən tədbirlərdir. Belə ki, bu günlərdə ATU ilə “Plagiat.pl” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov məlumat verib.
Onun sözlərinə görə, bu əməkdaşlıq elmi işlərdə təkrarçılığın və köçürmələrin qarşısını almağa kömək edəcək: “Elmi işlərin təqdimatında köçürmələrin qarşısını almaq üçün indiyədək müxtəlif təkliflər irəli sürülüb. Lakin Ali Attestasiya Komissiyası ilə məsləhətləşmələrdən sonra antiplagiat sisteminə qoşulmaq qərarı verildi. Bunun məqsədi intellektual mülkiyyətin qorunması və akademik düzgünlüyün optimal standartlarının təbliğidir. Bu sistem beynəlxalq aləmdə geniş yayılıb və bazaya daxil edilən məlumatlarda oxşarlıq dərəcəsinin tapılmasına görə unikallığı ilə seçilir”.
Bağlanan müqaviləyə əsasən ATU-nun kafedralarında diplom işlərinin, magistr və doktorluq dissertasiyalarının, həmçinin məqalələrin, monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin və digər sənədlərin yoxlanması üçün sistem administratoru, sistem operatorları və nəticələrin oxşarlıq hesabatını təhlil edərək orijinallığı qiymətləndirən komissiya yaradılacaq. Bu sistem vasitəsilə yoxlanılmış elmi-pedaqoji işlərin oxşarlıq əmsalları normadan çox olarsa, qiymətləndirmə komissiyası tərəfindən müvafiq qərar qəbul ediləcək.