CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində yay semestri 10-dan çox fənn üzrə keçirilir
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) iyulun 15-dən başlayan yay semestri (yay məktəbi) fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun sözlərinə görə, məktəbin təşkilində əsas məqsəd akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır: “Tədris ili boyunca 2 semestr - yaz və payız semestri keçirilir. Biz tələbələr üçün əlavə olaraq 3-cü semestri - yay məktəbini təşkil edirik ki, hansısa bir fəndən akademik borcu yaranan tələbələr bundan yararlana bilsin. Əgər tələbənin akademik borcu varsa, yaxud hansısa fənn üzrə dərslərin 50 faizindən çoxunda iştirak edib qalan hissələrində müəyyən səbəbdən iştirak etməyibsə, yay məktəbində iştirak edə bilər. O cümlədən, qiymətini düzəltmək istəyən, fərqlənmə diplomu almaq istəyən tələbələr də yay məktəbində iştirak edə bilərlər. Tələbələrin istəyi ilə bu il yay məktəbi 10-dan çox fənn üzrə açılıb. Yay semestri avqustun 16-da yekunlaşdıqdan sonra avqustun 19, 21 və 23-də imtahanlar keçiriləcək”.
S.Cavadov qeyd edir ki, bu il I kurslar üçün tətbiq edilən aralıq qiymətləndirmə qaydasından, həmçinin kəsiri olan tələbələr də yararlana biləcəklər. Avqustun 9-da onlar üçün aralıq qiymətləndirilmənin keçirilməsi planlaşdırılır. Digər kurslarda isə ənənəvi qiymətləndirmə prosesi aparılır.
Bu il də yay məktəbinə nəzarət üçün ATU-nun stomatologiya fakültəsinin akademik məsləhətçisi Qələndər Aslanov məsul şəxs qismində təyin olunub. Onun sözlərinə görə, yay məktəbi şəffaf şəkildə fəaliyyət göstərir.