ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetini bu il 336 nəfər bitirib
Bakı, 30 iyun, Ramiz Quliyev, AZƏRTAC
İyunun 30-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Məzun-2016” adlı VII buraxılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, diplomatik korpus nümayəndələri, ATMU-nun tərəfdaşı olan xarici təhsil müəssisələrinin rəhbərləri, turizm və təhsil sahəsi mütəxəssisləri iştirak edib.
Mərasimdə çıxış edən ATMU-nun rektor əvəzi Eldar Aslanov məzunları təbrik edərək, onlara gələcək işlərində uğurlar diləyib.
"Bu gün məzunlarımız üçün çox əlamətdar bir gündür. Onlar 4 illik əziyyətlərinin, yuxusuz dərs çalışdıqları gecələrin, ağrılı-acılı, sevincli tələbəlik illərini başa vururlar. Artıq ali təhsilli mütəxəssislər kimi cəmiyyətə atılır və ölkənin inkişafında real iştirak etməyə başlayırlar. Bu yol geridə qoyduğunuz 4 il ağır olduğu qədər də şərəfli bir yoldur”,- deyə E.Aslanov vurğulayıb.
Diqqətə çatdırılıb ki, turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur və ölkəni böyük hədəflərə məhz gənclər aparacaq. Belə bir inkişaf üçün ilk növbədə peşəkar kadrların olması şərtdir. Universitet isə bu illər ərzində gəncləri peşəkar kadr kimi hazırlamağa çalışıb.
Qeyd olunub ki, keçən 10 il ərzində ATMU keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olub. Buna AKTS tətbiqi, ölkədə ilk ikili diplom proqramı, Erasmus-Mundus, Tempus layihələrində iştirak, ölkədə ilk praktika semestrinin təşkili, onlarla tətbiqi tədqiqat, qisamüddətli treninqlərin təşkili, peşə təhsilinin gücləndirilməsi və sair məsələləri aid etmək olar.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva məzunları təbrik edərək, onlara uğurlu karyera arzulayıb. Nazir müavini bildirib ki, bu il ATMU-dan 336 nəfər məzun olub. Onlardan 32 nəfəri magistr, 304 nəfəri bakalavr pilləsini bitirib. Beləliklə ATMU-dan məzun olanların sayı 1706-ə çatıb. Onlardan 106 nəfəri magistr dərəcəsi olanlardır.
ATMU-nun builki məzunlardan 27 nəfəri eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomuna sahiblənib. Ümumilikdə məzunlarımızdan 151 nəfəri iki diplomludur.
S.Məmmədəliyeva vurğulayıb ki, respublikada turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət ayrılıb. Bununla bağlı müvafiq dövlət proqramı da qəbul olunub. Ölkədə turizm sektorunun inkişafı, respublikaya turizm axınının ilbəil artması bu sahəyə göstərilən qayğıdan irəli gəlir.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə məktəbini bu il müxtəlif ixtisaslar üzrə 416 nəfər şagird bitirib.
Rəsmi hissədən sonra konsert proqramı təşkil olunub.