İQTİSADİYYAT
Azərbaycan Türkiyənin enerji sektoruna yatırdığı sərmayəni təxminən iki dəfə artıracaq
Bakı, 10 iyul, AZƏRTAC
Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, çox şəffaf şəkildə qoruyuruq. Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülmüşdür. Yəni, birinci şərt budur - tam şəffaflıq. Bizim Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresindəki çıxışında deyib.
“İkinci məsələ, neftdən əldə edilən gəlirlərdən düzgün istifadə olunmalıdır. Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, infrastruktur layihələrinə yönəltdik. Bu gün biz nəinki nefti, qazı, eyni zamanda, son illər ərzində tikdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini də ixrac edirik. Biz sosial infrastruktur layihələrinə böyük vəsait qoyduq - məktəb, xəstəxana tikintisi. Yoxsulluqla çox ciddi mübarizə aparılır. Neft sektoru əslində çox iş yeri yaradan sektor deyil. Amma buna baxmayaraq, biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu, işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün bu, təxminən 5-6 faiz səviyyəsindədir. Yəni, düzgün siyasət və düzgün atılan addımlar nefti həm faydaya çevirə bilər, həm də bu sərvət ölkələr üçün problem yarada bilər.
Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə xarici sərmayə də böyük həcmdə qoyulur. Öz növbəmizdə, biz də xarici ölkələrə sərmayə qoyuruq. Burada da birinci yerdə qardaş ölkə Türkiyədir. Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulubdur. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.