SİYASƏT


Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistan Respublikası Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinin müasir dövrdə yüksək səviyyədə davam etdiyindən məmnunluğunu bildirən hər iki tərəf diqqəti əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlərin olduğuna yönəldiblər. İqtisadiyyatın bir çox sahələrində, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə, xüsusən tarixi ticarət yollarının ölkələrimizin ərazisindən keçdiyini nəzərə alaraq nəqliyyat, sərnişin və yükdaşımalar sahəsində böyük potensialın olduğu və birgə layihələrin işlənilməsinin mümkünlüyü vurğulanıb.

Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən dördüncü görüşünün ənənəvi əməkdaşlıq formatı kimi əlaqələrin möhkəmlənməsinə, regional məsələlərin müzakirəsinə və beynəlxalq müstəvidə qarşılıqlı fəaliyyətin təmin olunmasına xidmət edən səmərəli tədbir kimi qiymətləndirən tərəflər, görüşün yekun bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inkişafa mənfi təsir edən, ümumən təhlükəsizliyə təhdid olan vəziyyət kimi tezliklə aradan qaldırılmasının, problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini qeyd ediblər.

Söhbət zamanı qardaş türkmən və Azərbaycan xalqlarının mövcud səmərəli əməkdaşlığı nəzərə alınmaqla, qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi üçün müvafiq dövlət və özəl qurumlar arasında münasibətlərin intensivləşdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Görüşdə əlaqələrimizin perspektivinə dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.