İDMAN
Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç: Bizim üçün çox maraqlı və çətin oyun oldu
Sumqayıt, 8 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
“Kapital Bank Arena” stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyunda Fransa ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
AZƏRTAC xəbər verir ki, matçdan sonda keçirilən mətbuat konfransında Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç deyib: “Bizim üçün çox maraqlı və çətin oyun oldu. Rəqib çox yaxşı oynayırdı. Digər tərəfdən, matça müəyyən səbəblərdən 7-8 oyunçunu çağıra bilmədim. Koronavirus pandemiyası buna mane oldu. Üstəlik, bir sıra futbolçularımız əsas komandaya dəvət aldılar. Ona görə də əlimizdəkilərdən maksimum yararlanmağa çalışdıq.
Birinci hissədə topu tez-tez itirir, topu saxlamaqda çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Risk edərək iki hücumçu ilə oynadıq. Bütün oyunçularımıza minnətdaram. Onlara bildirdim ki, üzərində işləməli olacağımız məqamlar çoxdur”, - deyə Milan Obradoviç bildirib.