İQTİSADİYYAT
Azərbaycan Ukrayna bazarında spirtli içki çeşidlərinin sayını artıracaq
Kiyev, 10 yanvar, AZƏRTAC
Ukrayna ərazisində Azərbaycanın Tovuz Şərab Zavoduna məxsus 36 çeşiddə spirtli içki məhsulları satılır, 2018-ci ildə bu çeşidlərin sayı artırılacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Ukraynada fəaliyyət göstərən “Tovuz-Vino” şirkətinin rəhbəri Elimxan Mahmudov deyib.
Onun sözlərinə görə, bu çeşidlərə süzülmə tarixi 3 ildən 35 ilədək olan konyaklar, araq məhsulları, müxtəlif illərin istehsalı olan ağ və qırmızı şərablar daxildir. E.Mahmudov bildirib ki, hazırda şirkətin Kiyevdə bir satış mərkəzi fəaliyyət göstərir, ancaq şirkətin istehsal etdiyi məhsullar böyük ticarət-satış mərkəzlərində, nüfuzlu restoran şəbəkələrində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satılır.
“Bu məhsulların satışının artırılması üçün bəzi iri market şəbəkələri ilə danışıqlar aparılır. 2018-ci ildə Ukrayna bazarında daha da möhkəmlənməyi hədəf seçmişik”, deyə, E.Mahmudov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev