ELM VƏ TƏHSİL
Azərbaycan Universiteti ilə Almatı Menecment Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Universiteti ilə Almatı Menecment Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Azərbaycan Universitetindən AZƏRTAC-a bildiriblər ki, sənədi bu ali məktəbin rektoru Səadət Əliyeva və Almatı Menecment Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Ruslan Kozhakmetov imzalayıblar.
Azərbaycan Universitetində keçirilən görüşdə tərəflərin mümkün əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Əldə olunan razılığa əsasən tərəflər əməkdaşlığın inkişafı üçün müəllim-tələbə mübadiləsi, birgə konfransların təşkili və elmi-tədqiqat işlərinin aparılması, həmçinin digər sahələrdə əməkdaşlıq edəcəklər.
Sonra qonaq Azərbaycan Universitetinin tədris binası və maddi texniki bazası, Azərbaycan Xalq Cümhuriyyəti auditoriyası, Konfutsi Mərkəzi və elmi kitabxana ilə tanış olub.
Səadət Əliyeva qonağa rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, qoşulduğu mübadilə proqramları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib, universitetin Türkiyənin və Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini bildirib.
Tərəflər imzalanan anlaşma memorandumunun hər iki universitetdə təhsilin inkişafına böyük töhfə verəcəklərinə əminliklərini ifadə ediblər.