SİYASƏT
Azərbaycan Universitetində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd edilmişdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Azərbaycan Universitetinin humanitar fənlər fakültəsinin Azərbaycan filologiyası və jurnalistika kafedrasında dövlət müstəqilliyimizin bərpasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə kafedranın müdiri, dosent Ülviyyə Rəhimova xalqımızın azadlıq mübarizəsinin şanlı tarixindən, dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən söhbət açmış, Azərbaycanın 22 illik inkişaf yoluna, siyasi və iqtisadi uğurlarına nəzər salmışdır.
Azərbaycan filologiyası və jurnalistika kafedrasının müəllimləri müstəqilliyin bərpası dövründə yazıb-yaradan şair və yazıçılarımızın yaradıcılığında milli azadlıq ideyalarını şərh etmiş, həmin dövrün Azərbaycan mətbuatında baş verən dəyişiklik və təmayüllərdən, jurnalistlərin milli oyanışın yeni mərhələsində rolundan danışmışlar.
Tədbirdə müstəqilliyin bərpası dövrünü əks etdirən foto və slaydlar da nümayiş olunmuşdur.