QAN YADDAŞI
Azərbaycan Universitetində “Xocalı soyqırımı obyektivlərdə” fotosərgisi açılıb
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “Xocalı soyqırımı obyektivlərdə” fotosərgisinin açılışı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, sərgidə yerli, xarici fotoqraf və jurnalistlərin Xocalıda və Ağdamda çəkdikləri şəkillər nümayiş olunur.
Əvvəlcə tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Tədbirdə universitetin rektoru Səadət Əliyeva bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilənlər keçən əsrin ən dəhşətli faciəsi, vəhşilik aktıdır. Faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması, ədalətin bərpa olunması və soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında mühakimə edilməsi üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu cinayəti dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Azərbaycanın Milli Qəhrəmanı, Xocalı hadisələri zamanı şəhid olmuş Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova, həmin gecədə hər iki valideynini itirmiş Həmayıl Xəlilova və Xatirə Mirzəyeva faciənin miqyası və təfərrüatları barədə faktlarla çıxış ediblər. Xocalıda baş verən hadisələri tədbir iştirakçıları ilə bölüşən qonaqlar tələbələri informasiya müharibəsində fəal olmağa səsləyiblər.
“Xocalı soyqırımı obyektivlərdə” fotosərgisi fevralın 28-dək davam edəcək. Fevralın 26-da universitetin akt zallarında “Xoca” və “Fəryad” filmləri nümayiş olunacaq.