ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin tələbəsi magistratura imtahanında 93 bal toplayıb
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrinə görə 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Elimxan Əliyev 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub. O, Gürcüstan vətəndaşı olduğu üçün dövlət sifarişi əsasında təhsil ala bilmir. Azərbaycan Universitetinin 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr üçün tətbiq etdiyi xüsusi güzəşt proqramı ilə ödənişsiz əsaslarla oxuyur.
Elimxan Əliyev 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub. Nümunəvi, çalışqan və ictimai fəal tələbədir. Ali təhsilin hər iki pilləsinin qəbul imtahanlarına Kainat Tədris Mərkəzində hazırlaşıb.