CƏMİYYƏT
Azərbaycan Xalça Muzeyi Naxçıvan məktəblilərində böyük maraq oyadıb
Bakı, 16 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasından olan məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Bakı və onun görməli yerləri ilə tanış olacaqlar.
AZƏRTAC xəbər verir ki, martın 16-da naxçıvanlı məktəblilər Azərbaycan Xalça Muzeyində olublar.
Şagirdlərin nəzərinə çatdırılıb ki, 1967-ci ildə yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 2014-cü ildə Bakının mərkəzində - Dənizkənarı Milli Parkda yerləşən bükülmüş xalçanı xatırladan yeni orijinal binaya köçürülüb. Hazırda sadəcə “Azərbaycan Xalça Muzeyi” adlanan muzeyin sərgi zallarında və fondunda Tunc dövründən bu günümüzədək olan dövrü əhatə edən 13 min 300-dən artıq eksponat saxlanılır.
Muzeydə Quba, Qəbələ, Şirvan, Qazax, Təbriz, İrəvan, Gəncə, Şəki, digər şəhər və regionlardan Azərbaycanın əsrlər boyu tarixini əhatə edən qiymətli eksponatlar və sənət əsərləri nümayiş olunur. Onların sırasında Tunc dövrünə aid arxeoloji tapıntılar, xalçaçılıqda istifadə olunan alətlər, XII əsrin saxsı qabları, XIX əsrə aid bədii tikmələr və milli geyimlər, metal, taxta, şüşə və zərgər məmulatları, silahlar, əlbəttə ki, Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə xas olan milli ornamentli, məzmunlu xalça və xalça məmulatları ekspozisiyada xüsusi yer tutur.
Qeyd olunub ki, 2010-cu ilin noyabrında “Azərbaycan ənənəvi xalça toxuma sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Azərbaycan Xalça Muzeyinin yaradıcısı, Xalq Rəssamı Lətif Kərimovun və XX əsrin digər xalçaçılarının əl işləri ekspozisiyada xüsusi yer tutur.
Naxçıvan məktəbliləri Xalça Muzeyi ilə tanışlıqdan heyranlıqlarını gizlədə bilmirdilər.