MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyi ilə tanışlıq argentinalı qonaqlarda xoş təəssürat yaradıb

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da ölkəmizdə səfərdə olan Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.