ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə önəmli yer tutur
Bakı, 24 oktyabr, P.İmanova, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Şərqin ilk demokratik respublikası” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyinə həsr olunub.
Konfransda Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, AXC-nin fəaliyyətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı, həmçinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bu mühüm sənədə əsasən Azərbaycanda və xaricdə Cümhuriyyətin 100 illiyi müxtəlif tədbirlərlə yüksək səviyyədə qeyd olunub.
G.Baxşəliyeva Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində görülən işlərdən, parlamentin fəaliyyətindən bəhs edib. Bildirilib ki, milli dövlətçilik tariximizdə silinməz iz qoyan Cümhuriyyət hökuməti və parlament tərəfindən xalqın milli mənafeyinə xidmət edən mütərəqqi addımlar atılıb, mühüm qərarlar qəbul edilib. Həmin dövrdə dövlətin aparıcı strukturları təşkil edilib, hökumət formalaşdırılıb, Azərbaycanın ilk milli parlamenti fəaliyyətə başlayıb, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsis edilib, ana dili dövlət dili elan olunub, milli ordu yaradılıb.
Vurğulanıb ki, Azərbaycanın şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Cümhuriyyət təkcə ölkəmiz üçün deyil, bütün Şərq dünyası üçün böyük əhəmiyyət kəsb edib.
İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Cümhuriyyətin yubileyi ilə bağlı ölkəmizdə və AMEA-da ilboyu silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu mövzu ətrafında İctimai Bölmənin İnstitutlarında və AMEA-nın müxtəlif müəssisələrində tədqiqat işləri davam etdirilir.
N.Axundova Cümhuriyyət dövründə elm sahəsində bir sıra nailiyyətlərin əldə olunduğunu qeyd edib, Bakıda ilk universitetin yaradıldığını vurğulayıb.
Elmi konfransda Milli Məclisin deputatı Fəzail İbrahimlinin “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximizdir” mövzusunda məruzə ilə çıxış edib. O, Cümhuriyyət dövründə ölkədə və dünyada baş verən siyasi proseslərdən, ictimai-siyasi vəziyyətdən, tarixi hadisələrdən söz açıb, bəzi məqamları faktlarla diqqətə çatdırıb. Qafqaz İslam Ordusunun xalqımızın tarixində yeri və rolundan bəhs edən F.İbrahimli Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olmasında ordunun mühüm xidmətlər göstərdiyini söyləyib.
Sonra “Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətlərinin ideoloji problemləri”, “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınması məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasəti: prinsipləri və əsas istiqamətləri” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə Cümhuriyyətin tarixindən, beynəlxalq münasibətlərindən, müxtəlif sahələrdə fəaliyyətindən söz açılıb.