CƏMİYYƏT
Azərbaycan Xalq Cümhuriyyəti qədim dövlətçilik tariximizin şanlı səhifələrindəndir VİDEO
Bakı, 26 may, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabe qurumlarında və cəzaçəkmə müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində mayın 26-da Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində keçirilən mərasimi açan müəssisənin rəis müavini, ədliyyə mayoru Çingiz Əhmədov xalqımızın tarixində çox mühüm yeri olan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkəmizlə yanaşı, xaricdə də təntənəli şəkildə qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illik yubileyinin qeyd olunması, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinə verilən yüksək diqqətin göstəricisidir. Dövlətimizin başçısının mayın 24-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” Sərəncam isə yüzlərlə ailəyə ikiqat bayram sevinci yaşatdı.
Qeyd edilib ki, 1918-ci il mayın 28-də yaradılan, müsəlman dünyasının ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz izlər buraxıb. Müasir müstəqil Azərbaycan bu Cümhuriyyətin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov, Nizami Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Tariyel Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, müsəlman Şərqində ilk demokratik respublikanın qarşısında duran çətinliklər və onların öhdəsindən gəlmək uğrunda Cümhuriyyətin qurucularının keçdiyi yol barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunduğu İstiqlal Bəyannaməsinin qəbulundan sonra Cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib, ana dili dövlət dili elan edilib. Həmçinin dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindəndir. Cümhuriyyətin elan edilməsi Azərbaycan xalqının həyatında çox böyük bir hadisə, milli siyasi qüvvələrin fəaliyyətinin zirvəsi oldu.
Xüsusi qeyd olunub ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Sonda məhkumların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sualları cavablandırılıb.