MƏDƏNİYYƏT
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifələrindən biridir
Bakı, 6 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi ilə birgə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Kamran Nəsibov açaraq qeyd edib ki, AXC-nin tarixinin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. O, Hərbi Liseyin kursantlarının Bakının yadellilərdən azad olmasının 100 illik yubileyi ilə əlaqədar hərbi paradda iştirak etdiyini vurğulayıb.
Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova 23 ay mövcud olan AXC-nin şanlı tarixindən, gördüyü işlərdən bəhs edən məruzə ilə çıxış edib. O ilk dəfə AXC-nin 80 illik yubileyinin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə dövlət səviyyəsində qeyd olunduğunu söyləyib. Vurğulayıb ki, dekabrın 7-də Azərbaycan Parlamentinin 100 illik yubileyi tamam olur və onun yaranması müsəlman Şərqində böyük hadisədir.
Tədbirdə Yasamal rayon MKS tərəfindən hazırlanmış və Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə müşayiət olunan “AXC-nin ictimai, siyasi və dövlət xadimləri” videoçarxı nümayiş olunub.
Sonda MKS-nin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti-100” stendə və kitab sərgisinə baxış keçirilib.