SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib
Bakı, 24 may, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə “Şərqin ilk parlamentli respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” adlı tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Dövlət himninin səslənməsindən sonra şəhid olmuş əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının hazırladığı “Azərbaycanımız: qorumalı olduğumuz sərvətimiz” adlı film nümayiş etdirilib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. O bildirib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Deputat Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamın önəmini qeyd edib.
“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü mühüm işlər barədə danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib.
Mərkəzin direktoru Qalib Həsənov vurğulayıb ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Tədbirdə digər çıxış edənlər deyiblər ki, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Tədbir bədii hissə ilə davam edib.