ELM VƏ TƏHSİL


“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Müsabiqə “Azərbaycan müəllimi” qəzeti və “Bank of Baku”nun birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu qeyd edən təhsil nazirinin müavini Cümhuriyyət dövründə təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Eyni zamanda, müsabiqə barədə məlumat verilib. Qeyd olunub ki, müsabiqəyə yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində təşkilat komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıblar. Seçimin nəticələrinə əsasən iki yazı birinci, iki yazı ikinci, üç yazı üçüncü yerlərə, yeddi yazı isə həvəsləndirici mükafata layiq görülüb.

“Bank of Baku”nun idarə heyətinin sədri Eldar Həmidov Cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliği baxımından müsabiqənin əhəmiyyətini qeyd edib.

E.Həmidov rəhbərlik etdiyi qurumun sosialyönümlü layihələrə hər zaman maliyyə dəstəyi göstərdiyini diqqətə çatdırıb.

Qaliblərə diplom, hədiyyə və pul mükafatları təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.